Ölkə

Ağcabədidə əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır

Metbuat.az

Ağcabədi, 4 mart,

AZƏRTAC

Ağcabədi rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır. Rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə ardıcıl tədbirlər görülür.


AZƏRTAC

xəbər verir ki, rayonun hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərləri, ərazi icra nümayəndələrinin də iştirakı ilə növbəti görüş Aran kəndində keçirilib.


Görüşdə Ağcabədi rayonunun sosial-iqtisadi inkişafından, əhalini narahat edən problemlərin həlli məqsədilə həyata keçirilən tədbirlərdən, rayon infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışılıb. Bildirilib ki, belə görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsinə və operativ həllinə imkan verir.


Aran kəndinin sakinləri əhalinin həyat şəraitindən və mövcud problemlərdən söz açıb, arzu və təkliflərini bildiriblər. Qeyd olunub ki, kənddə aparılan abadlıq-quruculuq işləri, avtomobil yolunun yenidən qurulması, iki yeni məktəb binasının tikilməsi dövlətimiz tərəfindən bölgələrə göstərilən qayğının bariz nümunəsidir. Eyni zamanda bildirilib ki, kəndin qazlaşdırılmasına, suvarma suyuna olan tələbatın ödənilməsi üçün yeni subartezian quyularının qazılmasına, tibb məntəqəsinin təmirinə, köhnəlmiş elektrik naqillərinin yenisi ilə əvəzlənməsinə ehtiyac duyulur.


Görüşdə qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib. Diqqətə çatdırılıb ki, yaxın vaxtlarda kəndin qazlaşdırılmasına və tibb məntəqəsinin təmirinə başlanılacaq.


Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq quruculuq işlərindən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.