“Admiral”dan daha bir cəsəd tapıldı (FOTO)
Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda yerləşən “Admiral” ticarət mərkəzində baş verən güclü yanğında ölənlərin sayı artıb.
ANS PRESS-in məlumatına görə, “Admiral” ticarət mərkəzində çalışan xilasedicilər onuncu cəsədi də çıxarıblar. Bu barədə RF FHN-nin Tatarıstan üzrə saytında xəbər yer alıb.
“13.03.2015-ci il saat 05:00-a qədər olan məlumata əsasən, ölənlərin sayı 10 nəfər təşkil edir. Bu gün 04:58-də şəxsiyyəti naməlum bir kişi cəsədi aşkar edilib. Xilasedicilər hadisə baş verən “Admiral” TM-də uçqunun aradan qaldırılması işləri aparırlar”, - deyə xəbərdə bildirilir.
“Admiral” ticarət mərkəzində yanğın martın 11-də baş verən yanğın nəticəsində ölən və zərərçəkənlər arasında Tacikistan, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Vyetnam vətəndaşlarının olduğu qeyd edilir.
Rusiya İstintaq Komitəsinin yaydığı məlumatda “Admiral” Ticarət Mərkəzinin direktoru, ticarət kompleksinin icarəçisi Hüseyn Qəhrəmanovun saxlanıldığı bildirilib.
Xatırladaq ki, “Admiral” TM-də yanğın mart ayının 11-də başlayıb. Çərşənbə günü günortaya qədər yanğınsöndürənlər yanğını söndürməyə müvəffəq olublar. Ticarət mərkəzindən 650 nəfər təxliyə edildikdən sonra binanın uçduğu qeyd edilir. Yanğının səbəbləri ilə bağlı dəqiq məlumat verilməsə də hadisənin qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur.
ANS PRESS