ADİU-da xüsusi qayğıya ehtiyacı olan insanlar üçün mərkəz yaradılacaq
Bakı, 7 mart,
AZƏRTACAzərbaycan Dövlət İqtisad Universitetində (ADİU) xüsusi qayğıya ehtiyacı olan insanlar üçün mərkəz yaradılacaq.
Universitetdən
AZƏRTAC-a bildirilib ki, “Xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyası üzrə fondun yaradılması” adlı TEMPUS layihəsi üzrə işçi qrupu Avropadan olan tərəfdaş universitetlərin müvafiq təcrübəsinin öyrənilməsi məqsədilə Avstriya, Polşa və Yunanıstanda səfərdə olub.
Səfər çərçivəsində ADİU-nun əməkdaşları xüsusi qayğıya ehtiyacı olan insanlar üçün ali təhsil müəssisələrində yaradılan mərkəzlərinin fəaliyyəti, işçi heyətin vəzifə bölgüsü, mərkəzin universitetin əlil tələbələrinə göstərdiyi xidmətlər, reabilitasiya mərkəzi, kitabxana və auditoriyalarda əlil tələbələr üçün yaradılan şəraitlə tanış olublar. Nümayəndə heyəti, həmçinin əlil tələbələrin tədrisə cəlb edilməsi, onlarla işin təşkili, təcrübə proqramlarında iştirakı, təhsil aldıqları müddətdə onlara göstərilən xidmətlər haqqında məlumatlar əldə ediblər.
Universitetin ətraf mühitin mühafizəsi və iqtisadiyyatı kafedrasının əməkdaşı Sevinc Sakmanlı Yunanıstanın Makedoniya Universitetində, beynəlxalq əlaqələr departamentinin əməkdaşları Gülşən Vəliyeva Avstriyanın Qraz Universitetində, Bəyim Nəbiyeva isə Polşanın Lodz Universitetində olublar.
Layihənin icrasının növbəti mərhələsində xüsusi qayğıya ehtiyacı olan insanlar üçün ADİU-da mərkəzin yaradılması və əsasnaməsinin hazırlanması nəzərdə tutulur.