“ADDIM Business College”: gənclər üçün ödənişsiz biznes təhsili
Bakı, 9 mart,
AZƏRTACADDIM gənclər təşkilatı “ADDIM Business College” adlı yeni layihəyə start verib. “PRomotions Azerbaijan”ın dəstəyi ilə reallaşdırılan layihə gənclər üçün ödənişsiz təhsili nəzərdə tutur. Layihənin məqsədi bizneslə maraqlanan gəncləri bir araya toplayaraq onların biznes və maliyyə ilə bağlı fikirlərini formalaşdırılması, sahibkarlıq təşəbbüslərinin inkişaf etdirilməsi, stimullaşdırılması və biznes sektorunda çalışa biləcək potensial menecerlərin hazırlanmasıdır. Təlimlər beynəlxalq sertifikatlı biznes təlimçi Nini Karseladze tərəfindən aparılır.
Təşkilatın mətbuat departamentindən
AZƏRTAC-a verilən məlumata əsasən, tələbələr və biznes təlimlərdə maraqlı olan gənclər ərizə formaları online şəkildə doldurub müraciət edə bilərlər. Təlimlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkının təlim zalında təşkil olunacaq. Məşğələlər həftənin bazar günləri ingilis dilində aparılacaq.
Layihəyə 25 gəncin cəlb olunması nəzərdə tutulub. Təlimlərdə iştirak üçün müraciətin son tarixi martın 15–dır.