Dünya
215 min nəfərin öldüyü dəhşətin 5 ili - STATİSTİKA
Suriyada müharibə beşinci ilinə daxil olub. Arxada qalmış dörd il ərzində ölkədə baş verən qarşıdurmalar, hərbi əməliyyatlar və terror aktlarında 215 min 518 nəfərin ölümü qeydə alınıb.
Milli.Az salamnews-a istinadən bildirir ki, bu barədə müxalifətyönümlü Suriya İnsan Hüquqlarını Müşahidə Qrupuna istinadla xəbər verir.
Mənbənin məlumatına əsasən, 14.03.2015-ci il tarixinədək ölənlərin 66 min 106 nəfəri mülki şəxslərdir ki, onların 10 min 808-i uşaq, 6907-si yaşı 18-dən çox olan qadınlardır.
Bu müddət ərzində hökumət ordusu 46 min 138 itki verib. Hökumətə tərəfdar olan milli müdafiə qüvvələri və digər yerli tərəfdar qüvvələr 30 min 662, "Hizbullah" hərəkatı isə 674 itki verib.
"İslam Dövləti", “ən-Nusra Cəbhəsi” və digər radikal terror təşkilatlarının itkisi 26 min 834, yerli islamçı və qeyri-islamçı qruplaşmaların itkisi isə 36 min 722 nəfər təşkil edir.
Digər ölənlər isə kürdlərin hərbi bölmələri və eləcə də İraq və digər ölkələrdən Suriyaya radikal qruplaşmalara qarşı döyüşə gəlmiş şiə briqadalarının üzvləridir. İkincinin itkisi 2727 nəfərdir.
Bundan başqa, kimliyi məlum olmayan 3147 cəsədin olduğu bildirilir.
Bildirək ki, bu statistikaya itkin düşmüşlər və taleyi məlum olmayanlar daxil edilməyib.
Milli.Az