Son 3 mövsümdür “Fənərbağça”nın formasını geyinən braziliyalı yarımmüdafiəçi Fred sarı-lacivərdlilərin heyətində son matçına çıxıb.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, təcrübəli orta sahə oyunçusu ötən axşam “Şturm Qraz”la keçirilən qarşılaşmadan sonra “Fənərbağça” azarkeşləri ilə vidalaşıb. Vətəni Braziliyanın “Atletiko Mineyro” klubu ilə razılıq əldə edən 32 yaşlı futbolçu karyerasını ölkəsində davam etdirəcək.

Matçın final fitindən sonra tribunalara yaxınlaşan Fred azarkeşləri alqışlayaraq göstərdikləri dəstəyə görə onlara təşəkkür edib. Sarı-lacivərdli tərəfdarlar da təcrübəli futbolçunu alqış və şüarlarla yola salıblar.

“Fənərbağça”da keçirdiyi 3 mövsüm ərzində mübariz oyunu və meydandakı əzmkarlığı ilə azarkeşlərin rəğbətini qazanan Fredin yaxın günlərdə Braziliyaya yollanaraq yeni klubu ilə rəsmi müqavilə imzalaması gözlənilir.