Trendyol Super Liqasında yeni mövsümün startına sayılı günlər qaldığı bir vaxtda futbolsevərlərin diqqəti İzmirə yönəlib. Türkiyə futbolunun köklü klubları "Göztepe" və "Trabzonspor" hər iki komandanın formasını geyinmiş keçmiş milli futbolçu İsmail Köybaşının yubiley matçında üz-üzə gələcək.
Metbuat.az xəbər verir ki, "Gürsel Aksel" stadionunda keçiriləcək qarşılaşma sabah saat 20:00-da başlayacaq.
Mövsümöncəsi son ciddi sınaq hesab olunan bu oyunda ən çox maraq doğuran məqamlardan biri "Trabzonspor"un dünya şöhrətli yeni transferi Məhəmməd Salahın meydana çıxıb-çıxmayacağıdır. "Liverpul"dan ayrıldıqdan sonra Trabzon təmsilçisinə qoşulan misirli ulduz son rəsmi matçını təxminən bir ay əvvəl FIFA Klublararası Dünya Çempionatının 1/8 final mərhələsində Argentina təmsilçisinə qarşı keçirib. Baş məşqçinin şans verməsi halında Salah ilk dəfə "Trabzonspor" forması ilə azarkeşlərin qarşısına çıxacaq.
Qarşılaşmaya maraq olduqca böyükdür. Matçın biletlərinin əksəriyyəti artıq satılıb və tribunaların tam dolacağı gözlənilir. Qardaş klub kimi tanınan "Göztepe" və "Trabzonspor" azarkeşləri bu xüsusi gecədə eyni stadionda futbol bayramı yaşayacaqlar.
Yubiley matçının əsas qəhrəmanı isə İsmail Köybaşı olacaq. 37 yaşında peşəkar futbol karyerasını başa vuran keçmiş müdafiəçinin oyunun müxtəlif hissələrində hər iki komandanın formasını geyinərək azarkeşlərlə vidalaşacağı gözlənilir. Karyerasını başa vurduqdan sonra isə Köybaşı "Göztepe"nin məşqçilər korpusunda fəaliyyətini davam etdirəcək.