İspaniya Super Kubokunun 2027-ci ildə Səudiyyə Ərəbistanında deyil, Türkiyədə keçiriləcəyi gözlənilir.

Metbuat.az xəbər verir ki, “Radio Cero”nun jurnalisti Alfredo Martinez turnirin fevralın ilk həftəsində İstanbulda təşkil olunacağını bildirib. Yarımfinal mərhələsində “Real Sosyedad” “Real Madrid”lə, “Barselona” isə “Atletiko Madrid”lə qarşılaşacaq. İspaniya Super Kubokunun İstanbula köçürülməsinin səbəbi Səudiyyə Ərəbistanının 2027-ci ilin yanvar-fevral aylarında Asiya Kubokuna ev sahibliyi etməsidir.

Məlumata görə, İspaniya Kral Futbol Federasiyası əvvəlcə Qətərin paytaxtı Dohada turnirin keçirilməsi variantını nəzərdən keçirib. Lakin alternativ məkan kimi İstanbul seçilib və turnirin ənənəvi yanvar tarixindən fevrala keçirilməsi planlaşdırılır.