UEFA FIFA yarışlarını boykot etmək qərarından geri çəkilmək üçün kifayət qədər dəyişiklik baş vermədiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, UEFA FIFA prezidenti Canni İnfantinonun FIFA Forward Enterprise (FFE) vasitəsilə kişi və qadınlar arasında dünya çempionatları da daxil olmaqla turnirlərin kommersiya hüquqlarının satılması planına qarşı çıxıb. UEFA federasiyaların FIFA yarışlarında iştirakla bağlı müəyyən etdiyi şərtlərin yerinə yetirilmədiyini bildirib. Qurumun açıqlamasında qeyd olunub ki, əsas turnirlərin kommersiya hüquqlarının satılması ilə bağlı təkliflər geri götürülməli və futbolun bu şəkildə təhrif edilməyəcəyinə dair təminat verilməli idi.

UEFA bu şərtlərin yerinə yetirilmədiyini və mövqeyinin dəyişmədiyini vurğulayıb. Bəyanatda həmçinin UEFA-nın Canni İnfantinonun rəhbərliyinə etimadını itirdiyi bildirilib. Əgər sentyabrın 5-də Polşada başlayacaq 20 yaşadək qadınlar arasında dünya çempionatına qədər razılıq əldə olunmasa, bu turnir UEFA-nın boykot edəcəyi ilk yarış olacaq. Böhran fonunda FIFA prezidenti Canni İnfantino Mərakeşin Rabat şəhərində yüksək vəzifəli şəxslərlə fövqəladə görüş keçirib.

FIFA isə dünya çempionatlarının kommersiya və əməliyyat hüquqlarının satılması ilə bağlı təklifin tamamilə geri götürüldüyünü açıqlayıb. Qurum həmçinin baş verənlərlə bağlı FIFA Şurasının üzvlərinə və milli federasiyalara üzrxahlıq məktubu göndərildiyini bildirib.