Türkiyənin müdafiə sənayesi şirkəti HAVELSAN-ın komanda-idarəetmə sahəsində hazırladığı mühüm proqram həllərindən biri olan Hərbi Hava Qüvvələri İnformasiya Sistemi (HvBS) çərçivəsində hazırlanmış kritik imkanların bir hissəsi Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarına uğurla təhvil verilib.

Metbuat.az xəbər verir ki, bu barədə "Anadolu" Agentliyi məlumat yayıb.

Belə ki, Türkiyə Hərbi Hava Qüvvələrinin əməliyyat tələbatı nəzərə alınaraq hazırlanmış HvBS hava əməliyyatlarının planlaşdırılması, icrası, izlənilməsi və qiymətləndirilməsi proseslərini rəqəmsal mühitdə vahid platforma üzərindən idarə etməyə imkan verən müasir komanda-idarəetmə infrastrukturu təqdim edir.

Azərbaycan Hərbi Hava Qüvvələri Komandanlığına təhvil verilən sistem əməliyyat mərkəzlərində xidmət aparan şəxsi heyətin vahid əməliyyat mənzərəsi əsasında fəaliyyət göstərməsinə, tapşırıq və əməliyyat məlumatlarının real vaxt rejimində idarə olunmasına, kritik əməliyyat məlumatlarının vahid mərkəzdən izlənilməsinə və qərarların qəbul edilməsinin sürətləndirilməsinə imkan yaradır. Bunun sayəsində planlaşdırma, koordinasiya və icra proseslərinin sürəti, dəqiqliyi və səmərəliliyi əhəmiyyətli dərəcədə artır.