Beyləqan rayonunda baş vermiş silahlı insidentlə bağlı Baş Prokurorluğun İstintaq idarəsində aparılmış ibtidai araşdırmalar tamamlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, cinayət işlərindən biri üzrə aparılmış istintaqla Beyləqan rayonunun Birinci Şahsevən kənd sakini Məmişov Əhməd Nurəddin oğlunun müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmkəndlisi Bəyzadlı Orxan Ramiz oğlunu qəsdən öldürməyə iki dəfə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq materiallarına əsasən, əvvəlcə zərərçəkmiş şəxsə yaşayış evinin həyətyanı sahəsində odlu silahdan atəş açılmaqla onun qəsdən öldürülməsinə cəhd göstərilib. Bu niyyət baş tutmadığından, sonradan Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində yerləşən "Daşburun" dəmiryol stansiyasının yaxınlığında zərərçəkmiş şəxsə mismarçəkən alətlə çoxsaylı zərbələr endirilməklə həmin cinayət əməlini başa çatdırmağa növbəti cəhd edilib.
Toplanmış sübutlar əsasında Əhməd Məmişova Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.10, 157.2, 221.3, 228.2.1 və 228.2.2-ci, Muxamed (Mukhamed) Abdullayevə isə həmin Məcəllənin 29,120.2.1, 157.2, 221.3 və 228.2.1-ci maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, ittiham aktları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilməklə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.