Bakıda son bir ay ərzində polis orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 161 nəfər barəsində həbs və digər qətimkan tədbirləri seçilib.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, son bir ay ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 199 fakt aşkar edilib. Onlardan 192 fakt üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, 7 fakt üzrə isə inzibati icraat aparılıb.

Həmin faktlar üzrə 161 nəfər barəsində həbs və digər qətimkan tədbirləri seçilib.

Nəticədə qanunsuz dövriyyədən 372 kiloqram 685 qram heroin, marixuana, tiryək, metadon, həşiş, metamfetamin olan narkotik vasitə və psixotrop maddə aşkar edilərək çıxarılıb.