Altı gündür davam edən ABŞ-İran qarşıdurması daha da şiddətlənib.

Metbuat.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisinə növbəti hava zərbələrinin endirildiyini açıqlayıb.

Bildirilib ki, əməliyyatların məqsədi İranın hərbi imkanlarını daha da zəiflətməkdir.

İran dövlət mediası isə hücumlar zamanı körpülər, dəmiryolu vağzalı və hava limanı da daxil olmaqla mülki infrastrukturun hədəfə alındığını iddia edib. Məlumata görə, zərbələr nəticəsində azı 7 nəfər həlak olub.

CENTCOM eyni zamanda Hörmüz boğazı yaxınlığında bir neft tankerinə nəzarətə götürüldüyünü və İran limanlarına tətbiq edilən blokada çərçivəsində bir neçə ticarət gəmisinin istiqamətinin dəyişdirildiyini bildirib.

Ağ Ev isə Prezident Donald Trampın diplomatik həll yoluna açıq qaldığını bəyan etsə də, İranın Hörmüz boğazında gəmilərə hücumlarının cavabsız qalmayacağını vurğulayıb.

Gərginliyin artması fonunda beynəlxalq enerji bazarlarında narahatlıq da yüksəlməkdə davam edir.