Azərbaycan və Malayziya arasında vizasız gediş-gəlişin tətbiqi istiqamətində danışıqlar davam edir və yaxın aylarda bu sahədə müsbət nəticələrin əldə olunacağı gözlənilir.

 Metbuat.az xəbər verir ki, bu barədə Milli Məclisin Azərbaycan–Malayziya parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Vüqar Bayramov Azərbaycan Turizm Sənaye Liderlərinin görüşündə çıxışı zamanı məlumat verib.

 Onun sözlərinə görə, Malayziyada keçirilən görüşlərdə iki ölkə arasında turizm əməkdaşlığının genişləndirilməsi, eləcə də viza rejiminin sadələşdirilməsi əsas müzakirə mövzularından olub.

 "Malayziyanın böyük turizm potensialı var. Hazırda Malayziya vətəndaşlarının Azərbaycana səfəri üçün viza tələb olunur. Bu məsələ ilə bağlı müzakirələr aparılıb və hesab edirəm ki, yaxın aylarda vizasız rejimə keçid mümkün olacaq. Xarici İşlər Nazirliyi tərəfindən artıq müvafiq memorandum təqdim edilib", – deyə deputat bildirib.

 Vüqar Bayramov qeyd edib ki, Asiya ölkələrindən Azərbaycana turist axınının artırılması üçün təkcə viza prosedurlarının sadələşdirilməsi kifayət deyil.

 "Adətən Asiya ölkələrindən olan turistlər birbaşa uçuşların olduğu istiqamətlərə üstünlük verirlər. Buna görə də birbaşa aviareyslərin sayının artırılması Azərbaycanın turizm potensialının genişlənməsinə mühüm töhfə verə bilər", – deyə o əlavə edib.