ABŞ və İran arasında gərginlik yenidən artıb.

Metbuat.az xəbər verir ki, Tramp NATO Zirvəsindən sonra İngiltərəyə yola düşərkən “Böyük ehtimalla bu axşam İranı çox sərt şəkildə vuracağıq” açıqlamasını verib.

Bir neçə saat sonra ABŞ ordusu İranın müxtəlif bölgələrinə ardıcıl hava zərbələri endirib. ABŞ Mərkəzi Komandanlığı hücumları təsdiqləyib.

İran mediasının məlumatına görə, Bəndər-Abbas, Sirik, Çabahar, Buşehr və Kunarek şəhərlərində partlayışlar baş verib. Buşehrdə elektrik enerjisinin verilişində fasilələr yaranıb, lakin nüvə elektrik stansiyasının zərər görmədiyi bildirilib. Həmçinin bəzi mülki yaşayış məntəqələrinin də hücumlardan təsirləndiyi qeyd olunub.

ABŞ Hörmüz boğazında ticarət gəmilərinə edilən hücumlara görə İranı məsuliyyət daşımaqda ittiham edir. Tehran isə atəşkəsin Vaşinqton tərəfindən pozulduğunu bildirərək hücumlara cavab veriləcəyini açıqlayıb.

Hücumlardan sonra Tramp sosial şəbəkədə paylaşım edərək zərbələrin İranın bir gün əvvəl gəmilərə qarşı həyata keçirdiyi hücumlara cavab olduğunu bildirib və “Bu təkrar olunarsa, nəticələri daha ağır olacaq” ifadəsini işlədib.