Havaya buraxılan zərərli qazların miqdarının kəskin artması və qlobal iqlim dəyişikliyi səbəbindən önümüzdəki 50 il ərzində ABŞ-ın bir çox şəhəri təbii ekosistemini itirərək tamamilə səhraya çevrilmək və xəritədən silinmək təhlükəsi ilə üz-üzədir.

Metbuat.az xəbər verir ki, “Open Earth Monitor” layihəsi çərçivəsində tədqiqatçılar süni intellekt alqoritmləri və peyk məlumatlarından istifadə edərək təbii ərazilərin 2080-ci ilə qədər olan geosiyasi və ekoloji dəyişikliklərini modelləşdiriblər. Ən pis ssenariyə əsaslanan hesablamalar göstərir ki, kəskin quraqlıq nəticəsində səhralıq ərazilər iki qat artacaq, meşə və çəmənliklər yox olacaq.

Bu qorxunc iqlim keçidindən ən çox zərər çəkən və tamamilə çöllüyə çevriləcəyi proqnozlaşdırılan şəhərlər arasında Bakersfield, Reno, Lancaster, Pueblo, Sparks, Rio Rancho, Kennewick, Pasco, Grand Junction və Richland yer alır. Elm adamları havaya buraxılan zərərli qazların miqdarının azaldılmayacağı təqdirdə bu yaşayış məntəqələrinin yaxın gələcəkdə tamamilə yaşanmaz hala gələcəyi barədə xəbərdarlıq edirlər.