ABŞ-ın Nyu-Cersi ştatında yerləşən və 35,5 milyon dollar dəyərində qiymətləndirilən dəbdəbəli malikanənin cəmi 10 dollara əl dəyişdirməsi daşınmaz əmlak bazarında böyük qalmaqala səbəb olub.
Metbuat.az "New York Post" qəzetinə istinadən xəbər verir ki, bu ağlasığmaz sövdələşmənin arxasında beynəlxalq korrupsiya, çirkli pulların yuyulması və ofşor əməliyyatları dayanır.
Milyonlarla dollarlıq malikanənin adı əvvəllər də müəmmalı əmlak transferləri ilə gündəmə gələn Daniyar Kessikbayevlə hallanır. Kessikbayev Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin ögey qardaşı oğlu, eyni zamanda hazırda dövlət fondundan 4,5 milyard dolların mənimsənilməsi ilə bağlı qalmaqala görə Maleziyada həbsdə olan keçmiş baş nazir Nəcib Razakın kürəkənidir.
Sosial mediada yayılan iddialara görə, əmlak Nəcib Razakın həyat yoldaşı Rosmah Mansor tərəfindən Britaniyanın Vircin adalarında qeydiyyatdan keçmiş gizli bir ofşor şirkətin adına rəsmiləşdirilib. Lakin Kessikbayevə yaxın mənbələr malikanənin hələ də onun nəzarətində olduğunu bildirirlər.
Təxminən 3 hektar ərazidə yerləşən və 1 600 kvadratmetr yaşayış sahəsinə malik olan bu nəhəng kompleksdə 9 yataq otağı, tam ölçülü qapalı basketbol meydançası, xüsusi boulinq zalı, kinoteatr, geniş kitabxana, şərab zirzəmisi və iki hovuz var.
Malikanəni 2000-ci ildə inşa etdirən Co və Nensi Skott cütlüyü satış prosesi ilə bağlı maraqlı məqamları da bölüşüb. Co Skott bildirib ki, malikanə 2011-ci ildə 34 milyon dollara satışa çıxarıldıqdan bir il sonra Kessikbayevlə əlaqəli anonim bir şirkət tərəfindən 20 milyon dollar nağd vəsait müqabilində dərhal alınıb. Bu sövdələşmə həmin dövrdə Nyu-Cersi ştatı tarixində qeydə alınan ən bahalı yaşayış evi satışı kimi tarixə düşüb.