Qloballaşan əmək bazarı, beynəlxalq karyera imkanları və dəyişən iş mühiti insanları yeni seçimlərlə üz-üzə qoyur. Xaricdə yaşamaq həmişə daha yaxşı həyat deməkdirmi? Azərbaycanda şirkətlərdə rus dilinə verilən üstünlük nə dərəcədə əsaslıdır? Etibarın ölçüsü söz olmalıdır, yoxsa müqavilə? Namizədlər CV hazırlayarkən ən çox hansı səhvləri edirlər?

Metbuat.az xəbər verir ki, bu və digər sualları Almaniyada fəaliyyət göstərən "Accenture AG" şirkətinin aparıcı məsləhətçisi və karyera kouçu Türkan Əkbərova Kredit.az-a müsahibəsində cavablandırıb.

– Son illər xaricə köçmək bir çox insan üçün uğurun simvoluna çevrilib. Sizcə, xaricə köçmək həqiqətən uğur deməkdir, yoxsa sadəcə başqa bir həyat seçimidir?

Xaricə köçən insanların əksəriyyəti düşünür ki, bu qərarla yalnız qazanacaqlar. Yüksək təhsil, prestijli şirkətlərdə işləmək, beynəlxalq karyera qurmaq, övladlarının daha keyfiyyətli təhsil alması, daha təmiz mühitdə yaşaması – bunların hamısı cəlbedici görünür.

Ancaq məsələnin görünməyən tərəfi də var.

Xaricə köçəndə təkcə qazanmırsınız, eyni zamanda ciddi itkilərlə də qarşılaşa bilərsiniz. Bəzən insan özünü tamamilə fərqli dəyərlərin, fərqli düşüncə tərzinin içində uyğunlaşmağa məcbur hiss edir. Mən bunu obrazlı şəkildə "mandarin olub, özünü zorla sarımsaq dəstəsinin arasına salmaq" kimi ifadə edirəm. İnsan qərar verməzdən əvvəl yalnız imkanları deyil, ödəyəcəyi mənəvi və sosial bədəlləri də düzgün qiymətləndirməlidir.

– Sizə Azərbaycandan mütəmadi olaraq əməkdaşlıq və reklam təklifləri gəlir. Belə əməkdaşlıqlarda sizin üçün əsas meyar nədir?

Mənə Azərbaycandan əməkdaşlıq və reklam təklifləri tez-tez gəlir. Amma hər dəfə eyni sualı verirəm:

Verdiyiniz zəmanəti müqavilədə qeyd etməyə hazırsınızmı? Əgər öhdəliyinizi yerinə yetirməsəniz, müştərinin hüququnu məhkəmə qaydasında tələb etməsinə razısınızmı?

Ən çox eşitdiyim cavab isə belə olur:

"Bizim sözümüz elə qarantiyadır. Ölkədə adımız var."

Mənim üçün isə qarantiya sözlə deyil, hüquqi sənədlə ölçülür. Əgər həqiqətən nəticəyə və xidmətinizə inanırsınızsa, bunu müqavilədə əks etdirməkdən çəkinməməlisiniz. Bütün şərtlər, öhdəliklər və məsuliyyətlər açıq şəkildə göstərilməlidir. Əgər müştəriyə hüquqi təminat verməyə hazır deyilsinizsə, o zaman məndən də əməkdaşlıq gözləməyin. Etibar vacibdir. Ancaq peşəkar münasibətlərdə etibarın ən güclü sübutu düzgün hazırlanmış müqavilədir.

– Azərbaycanda fəaliyyət göstərən bəzi şirkətlərdə rus dilinə hələ də xüsusi önəm verilir. Siz bunu necə qiymətləndirirsiniz?

Son vaxtlar konsultasiyalar zamanı ən çox müzakirə etdiyimiz mövzulardan biri məhz budur. Bir çox insan yalnız iş mühitində ünsiyyət qura bilmək üçün rus dili kurslarına yazılır. Dil öyrənmək hər zaman üstünlükdür. Əgər bu, peşəkar inkişafınıza xidmət edirsə, yeni imkanlar yaradırsa və ya şəxsi seçimdirsə, bunu yalnız dəstəkləmək olar.

Amma məqsəd yalnız müəyyən iş mühitinə uyğunlaşmaq və başqalarının rahatlığını təmin etməkdirsə, burada artıq balans pozulur. Mən hesab edirəm ki, Azərbaycanda çalışan hər kəs dövlət dilində ünsiyyət qurmağa da eyni dərəcədə məsuliyyət daşımalıdır. Əgər biz başqalarının rahatlığı üçün yeni dil öyrənməyə təşviq olunuruqsa, onlar da Azərbaycan dilini öyrənməyə və gündəlik iş həyatında istifadə etməyə çalışmalıdırlar. Unutmayaq ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Qarşılıqlı hörmət birtərəfli ola bilməz.

– HR və karyera kouçu kimi təcrübənizə əsasən, namizədlər CV hazırlayarkən ən çox hansı səhvlərə yol verirlər?

Ən çox rast gəldiyim səhvlərdən biri odur ki, insanlar eyni CV-ni tamamilə fərqli sahələr üzrə vakansiyalara göndərirlər.

Bu, düzgün yanaşma deyil. CV ilk növbədə namizədin peşə istiqamətinə uyğun hazırlanmalıdır. Eyni CV ilə marketinq, satış, insan resursları və inzibati vakansiyalara müraciət etmək peşəkar təəssürat yaratmır. Bir yanlış təsəvvürü də aradan qaldırmaq istəyirəm. "Hər vakansiya üçün ayrıca CV hazırlanmalıdır" fikri hər zaman doğru deyil.

Əgər müraciət etdiyiniz vakansiyalar eyni peşə istiqamətinə aiddirsə, həmin sahəyə uyğun hazırlanmış peşəkar CV əksər hallarda kifayət edir. Yalnız vakansiyanın xüsusi tələblərinə uyğun kiçik dəyişikliklər etmək məqsədəuyğundur. Əsas məsələ hər vakansiya üçün yeni CV yazmaq deyil, CV-ni düzgün sahəyə və düzgün auditoriyaya uyğunlaşdırmaqdır.