Səudiyyə Ərəbistanı neft ixracını ABŞ və İsrailin İranla müharibəsindən əvvəlki səviyyəyə yaxınlaşdırıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Bloomberg” gəmilərin izlənməsi məlumatlarına istinadən yazır.

Məlumata görə, son 6 gündə Səudiyyə Ərəbistanının neft tədarükü sutkada 6,3 milyon barelə çatıb. İyun ayında bu göstərici orta hesabla 4,45 milyon barel olub.

Bildirilir ki, tədarükçülər Ras-Tanura terminalından əvvəlki həcmin təxminən 90 faizini yükləyiblər.

Qeyd olunur ki, BƏƏ də iyun ayında neft ixracını münaqişədən əvvəlki səviyyəyə — sutkada 3,9 milyon bareldən yuxarı həddə bərpa edib. ABŞ rəsmilərinin məlumatına görə, razılaşmadan sonra Hörmüz boğazı vasitəsilə neft tədarükü sutkada 10 milyon bareldən çox olub.

“JPMorgan Chase & Co”nun xammal bazarları üzrə araşdırmalar rəhbəri Nataşa Kaneva bildirib ki, bazara böyük həcmdə neft daxil olmaq üzrədir və bu artım hələlik əlavə təklifə ehtiyacı olmayan bazarla üz-üzə qala bilər.