ABŞ Prezidenti Donald Tramp 2025-ci il üzrə maliyyə bəyannaməsində ailəsinə məxsus kriptovalyuta layihələrindən ötən il 1,4 milyard ABŞ dollarından çox gəlir əldə etdiyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, ABŞ Hökumət Etikası İdarəsinə təqdim edilən sənədlərə əsasən, Tramp və oğullarının həmtəsisçisi olduğu "World Liberty Financial" layihəsindən təxminən 800 milyon dollar gəlir əldə olunub. Bu məbləğin 520 milyon dollardan çoxu kriptotoken satışlarından, 250 milyon dollardan çoxu isə şirkətdəki payların satışından formalaşıb.
Bununla yanaşı, Tramp öz adını daşıyan "Trump Meme Coin" tokenlərinin satışından 635 milyon dollar qazandığını bildirib.
"Reuters" agentliyinin məlumatına görə, bu göstəricilər kriptovalyutanın Trampın əsas gəlir mənbəyinə çevrildiyini göstərir. Agentliyin hesablamalarına əsasən, Tramp ailəsi 2025-ci ildə Ağ Evə qayıtdıqdan sonra kriptovalyuta layihələrindən ümumilikdə azı 2,3 milyard dollar gəlir əldə edib.
Maliyyə bəyannaməsində həmçinin qeyd olunur ki, Tramp ötən il media şirkətləri ilə əldə olunan razılaşmalardan 80 milyon dollardan çox, adının xarici daşınmaz əmlak layihələrində istifadəsinə görə isə 52 milyon dollar gəlir əldə edib.
Eyni zamanda, Trampın qolf klubları və kurortlarının gəlirləri 15 faiz artaraq 500 milyon dolları ötüb. Floridadakı "Mar-a-Lago" klubunun gəliri isə 50 milyon dollardan 77 milyon dollara yüksəlib.
Ağ Ev Tramp və ailəsinin maraqlar toqquşmasına yol vermədiyini bəyan etsə də, etik məsələlər üzrə bəzi ekspertlər prezidentin biznes fəaliyyəti ilə dövlət vəzifəsi arasında potensial maraq toqquşması risklərinin qalmaqda davam etdiyini bildirirlər.