Qızıl və zərgərlik məmulatlarının satışı ilə məşğul olan fiziki şəxslər sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərə bilməzlər.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fiziki şəxsin suvenir və qızılın pərakəndə satışı ilə bağlı sorğusunu cavablandırarkən bildirib.

Məlumata görə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər fəaliyyətə başlamazdan əvvəl vergi uçotuna alınmalı və VÖEN əldə etməlidirlər. Vergi öhdəlikləri isə seçilmiş vergitutma sistemindən və fəaliyyət növündən asılı olaraq müəyyən edilir.

Dövlət Vergi Xidmətinin açıqlamasına əsasən, sadələşdirilmiş vergitutma sistemini seçən sahibkarlar ticarət fəaliyyətindən əldə etdikləri ümumi dövriyyədən xərclər çıxılmadan 2 faiz sadələşdirilmiş vergi ödəyirlər. Gəlir vergisi ödəyiciləri isə əldə etdikləri gəlirdən fəaliyyətlə bağlı xərcləri çıxaraq qalan məbləğ üzrə 20 faiz gəlir vergisi hesablayırlar.

Qurum vurğulayıb ki, Vergi Məcəlləsinin 218.5.11-ci maddəsinə əsasən qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, eləcə də almazın satışını həyata keçirən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur.

Bu səbəbdən qızıl və digər zərgərlik məhsullarının satışı ilə məşğul olan fiziki şəxslər vergi uçotuna gəlir vergisinin ödəyicisi kimi alınmalıdırlar.

Bununla yanaşı, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar üçün müəyyən vergi güzəştləri də nəzərdə tutulub. Belə ki, orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və sosial sığorta üzrə borcu olmayan mikro sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirin 75 faizinə vergi güzəşti tətbiq edilir.

Dövlət Vergi Xidməti sahibkarlara fəaliyyət növlərinə uyğun vergi rejiminin düzgün seçilməsi və uçot prosedurları ilə bağlı əlavə məlumat almaq üçün qurumun "Vergi bələdçisi" bölməsindən, eləcə də 195-1 Çağrı Mərkəzindən istifadə etməyi tövsiyə edir.