"Müasir ali təhsil yalnız auditoriyada qazanılan biliklərlə məhdudlaşmır. Tələbələrin beynəlxalq təcrübə proqramlarında iştirakı onların peşəkar hazırlığını, dünyagörüşünü və gələcək fəaliyyət imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir."

Bu fikirləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov institutda keçirilən "Məzun günü" tədbirində çıxışı zamanı səsləndirib.

Rektor bildirib ki, institut tələbələrinin bir qismi müxtəlif xarici ölkələrdə təcrübə keçərək həm akademik biliklərini zənginləşdirib, həm də beynəlxalq təhsil mühitini yaxından öyrənmək imkanı əldə edib. Onun sözlərinə görə, bu cür proqramlar gənclərin peşəkar inkişafına, müasir bilik və bacarıqlara yiyələnməsinə, eləcə də ölkənin intellektual potensialının güclənməsinə mühüm töhfə verir.

Aqil Şirinov qeyd edib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi və qiymətləndirmə sisteminin təkmilləşdirilməsi ali təhsilin inkişafının əsas istiqamətlərindəndir. O vurğulayıb ki, bu proses universitetlərdən başlayaraq ümumi təhsil sisteminə qədər davamlı şəkildə həyata keçirilməli, müasir yanaşmalar tədris prosesinə inteqrasiya olunmalıdır.

Rektor, həmçinin Azərbaycan İlahiyyat İnstitutunun beynəlxalq əməkdaşlıq əlaqələrinin ildən-ilə genişləndiyini, tələbələrin xarici ali təhsil müəssisələri ilə birgə proqramlara və akademik mübadilə layihələrinə cəlb olunduğunu diqqətə çatdırıb.

Sonda Aqil Şirinov məzunları təbrik edərək onlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, məzunların qazandıqları bilik və bacarıqları cəmiyyətin inkişafı naminə səmərəli şəkildə tətbiq edəcəklərinə və ölkəmizin layiqli ziyalıları kimi fəaliyyət göstərəcəklərinə inanır.