Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində mühüm maliyyə sazişləri imzalanıb və özəl sektorun inkişafı ilə bağlı yeni göstəricilər açıqlanıb.

Metbuat.az xəbər verir ki, Beynəlxalq İslam Ticarətin Maliyyələşdirilməsi Korporasiyasının (ITFC) Baş İcraçı direktoru Adeeb Alaamanın sözlərinə görə, Bakı toplantısı çərçivəsində ümumi dəyəri 3 milyard ABŞ dolları olan yeni sazişlər imzalanıb. O bildirib ki, bu razılaşmalar üzv ölkələrdə ticarətin maliyyələşdirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.

Mətbuat konfransında çıxış edən İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı direktoru və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) baş icraçı direktoru vəzifəsini icra edən Xalid Xalafalla isə bildirib ki, ICD 2025-ci ildə 555 milyon ABŞ dollarından çox maliyyələşdirməni təsdiqləyib, faktiki ayrılan vəsait isə 584 milyon dollara yaxın olub.

Onun sözlərinə görə, maliyyələşdirmənin əsas hissəsi kredit xətti proqramları vasitəsilə həyata keçirilib və bunun nəticəsində 10,6 mindən çox yeni müştəri, o cümlədən 3,4 minə yaxın qadın İslam maliyyələşdirilməsinə çıxış əldə edib.

Xalid Xalafalla qeyd edib ki, 2025-ci ildə kiçik və orta biznesin dəstəklənməsi məqsədilə təxminən 660 milyon ABŞ dolları ayrılıb və bu proqramlardan 2 381 müəssisə yararlanıb.

O, həmçinin vurğulayıb ki, Bakıda keçirilən Özəl Sektor Forumu çərçivəsində 32 saziş və anlaşma memorandumu imzalanıb. Forumda 60 ölkədən 1 400-dən çox nümayəndə iştirak edib, 17 paralel tədbir keçirilib, B2B və B2G formatlarında isə 250-dən çox işgüzar görüş baş tutub.

Gülbəniz Hüseynli / Metbuat.az