"Azərbaycanın su ehtiyatları məhduddur və ölkə transsərhəd su mənbələrindən əhəmiyyətli dərəcədə asılıdır".
Mətbuat.az xəbər verir ki, bu fikirləri İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il İllik Toplantıları çərçivəsində keçirilən "Regional sağlamlıq təhlükəsizliyinə investisiya: Tullantı suları və ətraf mühitin monitorinqinə fokus" mövzusunda panel müzakirəsində çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, Beynəlxalq Əməkdaşlıq və Elm Departamentinin rəhbəri Riad Axundzadə səsləndirib.
Natiq bildirib ki, bu səbəbdən mövcud su ehtiyatlarının səmərəli idarə olunması xüsusi əhəmiyyət daşıyır:
"Müasir tullantı sularının təmizlənməsi sistemləri isə yalnız ekoloji və ictimai sağlamlığa deyil, həm də alternativ su mənbələrinin formalaşdırılmasına xidmət edir", – deyə Riad Axundzadə bildirib.
O qeyd edib ki, bu problemin həlli üçün gənc nəslin bu sahəyə cəlb edilməsi, yeni təhsil proqramlarının yaradılması və texniki kadr potensialının gücləndirilməsi vacibdir:
"Bu istiqamətdə magistr proqramlarının yaradılması gələcəkdə daha düzgün qərarların qəbuluna və ölkələrin su idarəçiliyi sahəsində dayanıqlı inkişafına töhfə verə bilər".
Gülbəniz Hüseynli / Metbuat.az