Azərbaycan kiçik və orta sahibkarlığın (KOB) inkişafı istiqamətində əlverişli tənzimləyici və investisiya mühiti formalaşdırır.

Metbuat.az xəbər verir ki, bunu Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) Maliyyələşdirmə rəhbəri Ulan Əbilqaziyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 14-cü Özəl Sektor Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, KOB-lar istənilən iqtisadiyyatın əsas dayaqlarından biridir və hökumətlər bu sektorun inkişafı üçün fəal siyasət həyata keçirirlər. O bildirib ki, çoxtərəfli inkişaf institutları da maliyyələşdirmə vasitəsilə dövlətlərin səylərini dəstəkləyir.

Əbilqaziyev vurğulayıb ki, əsas məsələ təkcə maliyyə resurslarına çıxışın təmin edilməsi deyil, həmin vəsaitlərin səmərəli və məqsədyönlü istifadəsidir.

“Azərbaycan da daxil olmaqla bəzi üzv ölkələr biznes üçün əlverişli şəraitin yaradılması və tənzimləyici mühitin formalaşdırılması istiqamətində həqiqətən yaxşı nəticələr göstərirlər”, – deyə o qeyd edib.

ICD rəsmisi həmçinin forum çərçivəsində Azərbaycanda kiçik və orta sahibkarlığa dəstəyin gücləndirilməsinə yönəlmiş bir sıra mühüm sazişlərin, o cümlədən Azərbaycan Biznesin İnkişafı Fondu ilə bağlı sənədlərin imzalandığını xatırladıb.

Onun sözlərinə görə, ICD şəriət prinsiplərinə uyğun maliyyə alətləri və əlavə maliyyələşdirmə mexanizmləri vasitəsilə ölkədə KOB-ların inkişafına dəstəyini davam etdirəcək.