"Malayziya çoxtərəfli inkişaf banklarına və uyğun xarici inkişaf maliyyə institutlarına ringgitlə nominallaşdırılmış sukuk buraxmağa imkan yaradıb.
Bu addım maliyyə bazarlarına çıxışı genişləndirir və iqlim dəyişikliyi, enerji keçidi və sosial təsir təşəbbüslərinin maliyyələşdirilməsinə daha çox dəstək göstərilməsinə imkan verir”.
Metbuat.az xəbər verir ki, bu fikirləri "Bank Negara Malaysia”nın sədr müavini Adnan Zaylani Məhəmməd Zahid, İslam İnkişaf Bankı Qrupunun illik toplantıları çərçivəsində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, sukuk bazarının inkişafı vacib olsa da, bu, son məqsəd deyil.
“İrəliləmək üçün innovasiyaları davam etdirməliyik. İnnovasiya məqsədyönlü, bazarın tələblərinə uyğun və real iqtisadi ehtiyaclara əsaslanmalıdır. Qarşıdakı onilliyin ehtiyacları əvvəlki dövrdən fərqli olacaq”, – deyə sədr müavini qeyd edib.
Adnan Zaylani Məhəmməd Zahid vurğulayıb ki, bu keçid dövründə sukuk yalnız maliyyələşdirmə aləti kimi deyil, həm də mühüm problemlərin həllinə kapital cəlb edən platforma kimi inkişaf etməlidir.
“Sukuk təkcə maliyyələşdirmə vasitəsi deyil, cəmiyyət üçün əhəmiyyətli həllərin maliyyələşdirilməsinə xidmət edən platformaya çevrilməlidir”.
Sədr müavini bildirib ki, Malayziyanın dövlət investisiya fondu tərəfindən 2015-ci ildə buraxılmış Ihsan Sukuk dünyada ilk sosial təsir sukuklarından biri olub.
“Bu təşəbbüs 20 məktəbdə 5 mindən çox şagirdə fayda verdi və kapital bazarlarının ölçülə bilən sosial nəticələrin əldə edilməsində də mühüm rol oynaya biləcəyini nümayiş etdirdi”, – deyə o qeyd edib.
Adnan Zaylani Məhəmməd Zahidin sözlərinə görə, hazırda dayanıqlılıqla əlaqəli, yaşıl, sosial, mavi və keçid sukukları kimi yeni maliyyə alətləri sürətlə inkişaf edir.
“Bu alətlər getdikcə daha çox dekarbonizasiya, enerji keçidi və uzunmüddətli iqtisadi dayanıqlılıq üçün vacib layihələrin maliyyələşdirilməsində istifadə olunur”, – deyə o vurğulayıb.
Gülbəniz Hüseynli / Metbuat.az