“Ərəb Koordinasiya Qrupu ilə əməkdaşlıq gözlədiyimizdən daha sürətli nəticələr verdi”.
Metbuat.az xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı səsləndirib. O qeyd edib ki, Ərəb Koordinasiya Qrupu ilə əməkdaşlığın yenidən canlandırılması İslam İnkişaf Bankı Qrupu və onun prezidenti Məhəmməd Əl-Casir tərəfindən göstərilən liderlik sayəsində mümkün olub.
Onun sözlərinə görə, Azərbaycan nümunəsində əməkdaşlıq gözləniləndən daha sürətli nəticələr verib və toplantı çərçivəsində artıq bir sıra konkret sənədlər imzalanaraq icrasına başlanılıb.
“Söhbət əsasən tullantıların idarə olunması, yol infrastrukturu, nəqliyyat və digər sahələrdə maliyyələşdirilməsi nəzərdə tutulan layihələrdən gedir. Beləliklə, biz göstərdik ki, Ərəb Koordinasiya Qrupu vaxt baxımından çevik və səmərəli şəkildə mürəkkəb layihələri irəli aparmaq imkanına malikdir. Azərbaycan təcrübəsi İslam İnkişaf Bankının yalnız maliyyə institutu deyil, həm də müxtəlif tərəfləri bir araya gətirən mühüm əməkdaşlıq platforması kimi çıxış etdiyini nümayiş etdirir".
M.Cabbarovun sözlərinə görə, çoxtərəfli inkişaf banklarının hər hansı ikitərəfli əməkdaşlıqda iştirakı layihələrə əlavə keyfiyyət, etibarlılıq və məsuliyyət zəmanəti verir:
“Bu, çoxtərəfli inkişaf banklarının təqdim etdiyi ən mühüm və unikal üstünlüklərdən biridir. Kollektiv fəaliyyət nəticəsində formalaşan əməkdaşlıq modeli bugünkü dövrün ən səmərəli yanaşmalarından hesab oluna bilər”, – deyə nazir əlavə edib.
Gülbəniz Hüseynli / Metbuat.az