Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan “Davamlı İnkişaf üçün Regional Enerji Əlaqələri” adlı tədbirdə çıxış edən Tacikistanın maliyyə nazirinin birinci müavini Yusuf Məcidi bildirib ki, enerji təhlükəsizliyi və dayanıqlı inkişaf bir-birinə zidd deyil, əksinə, qarşılıqlı şəkildə bir-birini gücləndirən məqsədlərdir.

Metbuat.az-ın tədbirdəki müxbiri xəbər verir ki, Yusuf Məcidi bildirib ki, Tacikistanın əsas prioriteti əhali, sənaye və ictimai xidmətlər üçün etibarlı və əlçatan elektrik enerjisi təchizatını təmin etməkdir. Eyni zamanda, ölkə böyük hidroenerji potensialına malikdir və xüsusilə su ehtiyatlarının bol olduğu dövrlərdə yaranan mövsümi enerji profisitinin ixracı üçün regional əməkdaşlıq mühüm əhəmiyyət daşıyır.

Y.Məcidi qeyd edib ki, CASA-1000 layihəsi artıq istehsal olunan təmiz elektrik enerjisinin qonşu ölkələrə və regional bazarlara çatdırılması üçün geniş imkanlar yaradır.

“CASA-1000 regionun ən böyük elektrik ötürücü xətt layihələrindən biridir. Bu layihə təkcə Mərkəzi Asiya ölkələrini deyil, həm də Mərkəzi Asiya ilə Cənubi Asiyanı birləşdirən nadir təşəbbüslərdəndir. Qırğızıstan və Tacikistanda istehsal olunan elektrik enerjisi bu xətt vasitəsilə Əfqanıstan və Pakistana ötürülür”, – deyə o vurğulayıb.

Nazir müavini layihənin əsas maliyyələşdiricilərindən biri olan İslam İnkişaf Bankına göstərdiyi dəstəyə görə təşəkkürünü də ifadə edib.

Y.Məcidi əlavə edib ki, layihənin hazırlanması zamanı məlum olub ki, CASA-1000 yalnız elektrik enerjisi ticarətini əhatə edən təşəbbüs deyil, həm də Mərkəzi və Cənubi Asiya arasında yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırıldığı regional platformadır.

Onun sözlərinə görə, texniki-iqtisadi əsaslandırma hazırlanarkən bu platforma çərçivəsində digər sahələrdə əməkdaşlıq imkanları da nəzərdən keçirilib və bu ideyalardan biri də rəqəmsallaşma olub.

“Bu yanaşma nəticəsində, əsasən Dünya Bankı Qrupunun təşəbbüsü ilə Digital CASA layihəsi ideyası formalaşdı”, – deyə Yusuf Məcidi bildirib.

Gülbəniz Hüseynli / Mətbuat.az