"Bank sektorunda yerli reallıqların və imkanların dərindən anlaşılması vacibdir. Hesab edirəm ki, regional oyunçular, Orta Dəhlizdə fəaliyyət göstərən özəl sektor nümayəndələri, biznes qurumları və banklar kimi əsas vəzifəmiz yerli şəraiti dərindən başa düşməkdir. Bu yanaşma yalnız layihələrin strateji və ya makroiqtisadi səviyyədə qiymətləndirilməsi ilə məhdudlaşmamalıdır. Layihələr eyni zamanda ölkələrin kommersiya, maliyyə, hüquqi və iqtisadi xüsusiyyətləri baxımından da təhlil edilməlidir".
Mətbuat.az-ın tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri “PASHA Holding” MMC-nin baş direktorunun müavini Fərid Məmmədov Bakıda keçirilən Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində keçirilən “Regional inteqrasiyanı investisiya üçün cəlbedici edən CEO sessiyası: ticarətin təşviqi, investisiyaların səfərbər edilməsi və artımın sistemli şəkildə risklərinin azaldılması” sessiyasında deyib.
O vurğulayıb ki, Azərbaycanın İqtisadiyyat Nazirliyinin yaratdığı çərçivə iqtisadi, strateji, maliyyə və kommersiya aspektlərini əhatə edir. Məhz belə bir yanaşma layihələrin dayanıqlı və etibarlı olmasını təmin edir.
"Burada ikinci vacib məqam sərhədlərarası harmonizasiyadır. Çünki yük maşını sərhədi keçərkən hər ölkədə fərqli prosedurlarla qarşılaşarsa, bu, ticarətin inkişafına mane olur. Buna görə də region ölkələri arasında qaydaların uyğunlaşdırılması böyük əhəmiyyət daşıyır.
Biz özümüz də bir sıra birgə müəssisələrə investisiya yatırmışıq. Bunlardan biri Ukraynada fəaliyyət göstərən Trendyol elektron ticarət platforması ilə birgə layihəmizdir. İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ölkələr arasında ticarətin inteqrasiyasını və vahid yanaşmanın formalaşdırılmasını dəstəkləyirik.
Üçüncü komponent risklərin düzgün bölüşdürülməsidir. Bu məsələ bugünkü müzakirələr üçün də son dərəcə aktualdır. Regional və yerli iştirakçıların bəzi hallarda iqtisadiyyatın və ya şirkətlərin ölçüsü ilə bağlı formalaşan yanlış təsəvvürlər səbəbindən qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına dəstək verilməlidir. Bu istiqamətdə məsləhət və əməkdaşlıq böyük əhəmiyyət kəsb edir".
Fərid Məmmədov qeyd edib ki, daha mühüm amil isə dövlət-özəl tərəfdaşlığı (PPP) üzrə yeni yanaşmadır. Özəl sektor layihə hazır olduqdan sonra deyil, layihənin hazırlanması və dizaynı mərhələsindən etibarən prosesə cəlb edilməlidir:
"Məhz bu yanaşma Azərbaycanın İqtisadiyyat Nazirliyi tərəfindən də tətbiq olunur. Layihələrin siyahısı əvvəlcədən elan edilir ki, özəl sektor nümayəndələri hökumətlə birlikdə həm layihənin konsepsiyasının hazırlanmasında, həm də analitik qiymətləndirmə prosesində iştirak edə bilsinlər.
Bundan əlavə, Azərbaycan Mərkəzi Bankı da layihə maliyyələşdirilməsi üzrə xüsusi çərçivə hazırlayıb. Bu mexanizm yerli banklara və maliyyə institutlarına müəyyən riskləri bölüşmək imkanı yaradır və normal şəraitdə üzərlərinə götürə bilməyəcəkləri risklərin idarə olunmasına kömək edir. Bu da yeni layihələrin maliyyələşdirilməsi üçün daha əlverişli mühit formalaşdırır".
Gülbəniz Hüseynli / Mətbuat.az