“Dünyada artan borc yükü, inflyasiya təzyiqləri, fiskal məhdudiyyətlər, iqlim dəyişikliyinə uyğunlaşma xərcləri və sosial bərabərsizliklər inkişaf etməkdə olan ölkələr üçün əlavə maliyyə ehtiyacları yaradır. Bu şəraitdə ənənəvi maliyyələşdirmə mexanizmləri ilə yanaşı, yaşıl maliyyə, rəqəmsal maliyyə, dayanıqlı kapital bazarları, innovativ maliyyə alətləri və dövlət-özəl tərəfdaşlığı kimi mexanizmlərin tətbiqi xüsusi əhəmiyyət daşıyır”.
Mətbuat.az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən 8-ci SDG Dialoqunda çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının icraçı katibi Hüseyn Hüseynov bildirib.
Onun sözlərinə görə, qlobal çağırışlar fonunda Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsi yeni yanaşmalar tələb edir.
“Dövlət-özəl tərəfdaşlığı infrastrukturun modernləşdirilməsi, sənayenin inkişafı, bərpa olunan enerji layihələri və iqtisadi artımın dəstəklənməsində mühüm rol oynayır. Bu mexanizmlər investisiyaların cəlb olunmasına, səmərəliliyin artırılmasına və innovasiyaların təşviqinə töhfə verir”, – deyə Hüseyn Hüseynov vurğulayıb.
H.Hüseynov əlavə edib ki, Azərbaycanın uzunmüddətli inkişaf baxışı dayanıqlı iqtisadi artım, sosial ədalət, rəqabətqabiliyyətli insan kapitalı, innovasiya və yaşıl iqtisadiyyat kimi milli prioritetlər üzərində qurulub.
O, həmçinin bildirib ki, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri üzrə Könüllü Milli Hesabatlarını təqdim edən fəal ölkələrdən biridir və növbəti hesabatın hazırlanması istiqamətində işlər davam etdirilir.
Gülbəniz Hüseynli / Mətbuat.az