Yaxın Şərqdə baş verən geosiyasi hadisələrin təsiri ilə neft qiymətlərində müşahidə olunan dəyişikliklər hələlik Azərbaycanın iqtisadi proqnozlarında dəyişiklik yaratmayıb.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, ilin əvvəlində neft tədarükü üzrə bir sıra fyuçers müqavilələri əvvəlcədən bağlandığından qiymət dəyişikliklərinin təsiri dərhal hiss olunmayıb.

“Mart, aprel və may ayları üzrə fyuçers müqavilələri daha əvvəl imzalanmışdı. Neft qiymətlərində sonrakı dəyişikliklər əsasən ikinci və üçüncü rüblərə təsadüf edib”, – deyə o qeyd edib.

Samir Nəsirov bildirib ki, Yaxın Şərqdəki hadisələr fonunda neft bazarında müəyyən dəyişkənlik müşahidə olunur. Bununla belə, qiymətlərin gələcək istiqamətini dəqiq proqnozlaşdırmaq çətindir.

“Neft qiymətlərinin gələcək dinamikası əsasən geosiyasi amillərdən asılıdır. Mövcud tendensiya davam edərsə, bu, orta qiymət göstəricilərinə müəyyən təsir göstərə bilər”, – deyə departament direktoru vurğulayıb.

O əlavə edib ki, hazırda neft qiymətləri ilə bağlı mövcud proqnozlarda və makroiqtisadi göstəricilərdə dəyişiklik yoxdur. Qiymət dəyişikliklərinin iqtisadi göstəricilərə təsiri ilə bağlı yenilənmə olacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək.

Gülbəniz Hüseynli / Metbuat.az