Hazırda Azərbaycan paytaxtı Bakı daşınmaz əmlak bazarındakı qiymətlərə görə dünyanın ən bahalı şəhərlərindən biri hesab olunur. Paytaxtda mənzil sahibi olmaq artıq böyük maliyyə yükünə çevrilib.
Metbuat.az xəbər verir ki, mərkəzi ərazilərdə yeni inşa olunan bəzi binalarda təmirsiz mənzillərin bir kvadratmetrinin qiyməti 3000-5000 manat arasında dəyişir. Premium layihələrdə isə bu rəqəm hətta 7000-8000 AZN-ə qədər yüksəlir.
Bu fantastik qiymət artımının kökündə dayanan əsas səbəblərdən biri urbanizasiya prosesidir. Rayonlarda iş yerlərinin və sosial infrastrukturun məhdudluğu səbəbindən əhali kütləvi şəkildə Bakıya köçür. Paytaxta axın daxili tələbatı pik həddə çatdırıb və bu da qiymətlərin süni şəkildə şaxələnməsinə yol açır. Bəs rəqəmlərin enməsi nə vaxt və hansı şərtlərlə mümkündür?
Mütəxəssislər üç əsas ehtimal üzərində dayanırlar:
“Böyük Qayıdış” proqramının tamamlanması
Əsas ümidlərdən biri işğaldan azad olunmuş ərazilərə köç proqramıdır. Məcburi köçkünlərin doğma yurdlarına qayıdışı tam yekunlaşdıqdan sonra paytaxtdakı süni sıxlıq qismən azalacaq. Bakıda kirayə və sub-tələb yaradan kütlənin regionlara qayıtması bazarda təklifin artmasına və qiymətlərin stabilləşməsinə təsir edə bilər.
Regionların iqtisadi inkişafı və iş yerləri
Əgər rayonlarda genişmiqyaslı sənaye və xidmət obyektləri açılarsa, əhalinin Bakıya köçünün qarşısı alınacaq. Hətta paytaxtdan geriyə - rayonlara qayıdış başlayacaq ki, bu da Bakıdakı mənzil bazarında tələbi kəskin şəkildə aşağı salacaq.
Dövlət nəzarəti və rəqabət mühiti
Tikinti bazarına nəzarətin gücləndirilməsi, inhisarçılığın aradan qaldırılması və süni qiymət artımının qarşısının inzibati yollarla alınması mühüm şərtdir. Tikinti materiallarının idxalında və yerli istehsalda şəffaflıq təmin olunarsa, maya dəyəri enər və bu da satış qiymətinə təsir edər.
Mövzu ilə bağlı saytımıza açıqlama verən daşınmaz əmlak eksperti Kənan Məmmədov maraqlı məqamlara toxunub. Ekspert qeyd edib ki, Bakı bazarında hazırkı qiymətlər real alıcılıq qabiliyyəti ilə mütənasib deyil və şişirdilmiş xarakter daşıyır:
“Bakıda əmlakın ucuzlaşması yalnız tələb-təklif balansının dəyişməsi ilə mümkündür. Regionların sosial-iqtisadi dirçəlişi və paytaxtdan kənarda cəlbedici şəraitin qurulması Bakıdakı tikinti bumu və bahaçılıq təzyiqini xeyli azaldacaq. Lakin yaxın perspektivdə kəskin və qəfil ucuzlaşma gözlənilmir; qiymətlərin korreksiyası mərhələli şəkildə baş verəcək”.
Nazim Hüseynzadə / Metbuat.az