"Azərbaycanda təhsil sistemi və peşə seçimi ilə bağlı yanaşmalar yenidən müzakirə olunmalıdır".

Mətbuat.az xəbər verir ki, bu fikirləri Elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və hüquq” kitabının təqdimat mərasimində çıxışı zamanı bildirib.Nazir qeyd edib ki, məktəblərin əsas missiyası uşaqları yalnız qəbul imtahanlarına deyil, real həyata hazırlamaq olmalıdır.

Nazirin sözlərinə görə, bu gün yuxarı sinif şagirdlərinin böyük hissəsi gələcək peşəsi barədə düşünmək əvəzinə, daha çox qəbul imtahanı qrupları ilə özünü ifadə edir. O qeyd edib ki, uşağın “kim olmaq istəyirsən?” sualına “mən ikinci qrupam” və ya “üçüncü qrupam” cavabını verməsi ciddi problemin göstəricisidir.

E.Əmrullayev vurğulayıb ki, peşə seçiminin yalnız bala və imtahan qrupuna əsaslanması sonradan əmək bazarında da çətinliklər yaradır. Bu səbəbdən təhsil müəssisələrinin qarşısında duran əsas sual uşaqların praktik həyata nə dərəcədə hazırlandığıdır.

Nazir hesab edir ki, təhsildə davranış dəyişikliklərinə nail olmaq üçün məktəbin məqsədi, peşəyönümü işi və şagirdlərin gələcək seçimlərinə yanaşma ciddi şəkildə yenidən dəyərləndirilməlidir.

Gülbəniz Hüseynli / Mətbuat.az