"Təbiət əsaslı həllər mənzil siyasəti və şəhərsalma layihələrinin əsas hissəsinə çevrilməlidir. Bu yanaşma baş plandan və zonalaşdırmadan başlayaraq tikinti və istismar mərhələlərinə qədər bütün urbanizasiya prosesinə daxil edilməlidir".
Mətbuat.az xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə "Mənzilin iqlimə qarşı ön xətt həlli kimi rolu” mövzusunda keçirilən panel müzakirələrdə çıxışı zamanı deyib. O qeyd edib ki, hökumət artıq bu istiqamətdə addımlar atır:
"2023–2026 sosial-iqtisadi inkişaf strategiyası və onun 2030-cu ilə qədər davamı yaşıl inkişafı və ətraf mühitin qorunmasını əsas prioritetlərdən biri kimi müəyyən edir. İşğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonaları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, həmçinin enerji səmərəli bərpa layihələri həyata keçirilir.
Bundan əlavə, ölkə yaxın zamanda yeni iqlim öhdəliklərini — NDC 3.0 sənədini təqdim edib və uzunmüddətli aşağı emissiyalı inkişaf strategiyası üzərində işləyir. Bu hədəflərə çatmaq üçün təbiət əsaslı həllər və ekosistemlərin bərpası mühüm rol oynayacaq".
Gülbəniz Hüseynli / Mətbuat.az