"Şəhərsalma kövrəklik və münaqişədən təsirlənən ölkələrdə sadəcə texniki məsələ deyil, həm də sülh quruculuğu və inkişaf məsələsidir".

Metbuat.az xəbər verir ki, bu fikirləri “Kövrək və münaqişədən təsirlənmiş şəraitlərdə şəhər həlləri vasitəsilə sülhə töhfə verən iqlim fəaliyyəti” adlı panel müzakirələrdə Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) İqlim Fəaliyyəti Bölümünün direktoru Rania Sharshr deyib:

"Biz iqlim tədbirlərinin sülhə töhfə verməsini istəyiriksə, inklüziv, dayanıqlı və miqrasiyaya həssas şəhər həlləri yaratmalıyıq. Çünki şəhərlər yalnız böhranların cəmləşdiyi məkanlar deyil, həm də həllərin yarandığı yerlərdir".

Spiker hesab edir ki, yerli hökumətlərə şəhər genişlənməsini düzgün idarə etməkdə dəstək göstərmək resurslar uğrunda rəqabətin münaqişəyə çevrilməsinin qarşısını ala bilər.

"İqlimə dayanıqlı mənzil, erkən xəbərdarlıq sistemləri və təhlükəsiz infrastruktur isə təkrarlanan iqlim şokları ilə üzləşən icmaları daha təhlükəsiz, bağlı və iqtisadi baxımdan dayanıqlı edir.

Sülhə xidmət edən iqlim fəaliyyəti yalnız emissiyaların azaldılması və iqlim təsirlərinə uyğunlaşma demək deyil. Bu, bərabərsizliyin azaldılması, etimadın gücləndirilməsi, sabitlik və insan ləyaqəti üçün şərait yaradılması deməkdir".

IOM direktoru qeyd edib ki, bu prosesdə məcburi köçkünlər, miqrantlar, qaçqınlar və ev sahibi icmalar planlaşdırma və qərarvermə proseslərinə daxil edilməlidir. Çünki şəhərlər inklüziv, dayanıqlı və davamlı olduqda, onlar yalnız sığınacaq məkanı deyil, həm də fürsət, sabitlik və sülh məkanına çevrilir.

Gülbəniz Hüseynli /Mətbuat.az