“UN-Habitat-ın müəyyən etdiyi gündəlik bütün ölkələrimiz üçün böyük və kiçik şəhərlər, hətta kiçik yaşayış məntəqələri üçün son dərəcə vacibdir. Çünki bu, hamıya aydın və yaxın olan universal dayanıqlı inkişaf prinsipləridir.Buna görə də belə bir forumun məhz burada keçirilməsi çox mühüm hadisədir”.

Bunu Metbuat.az-a açıqlamasında “Город Москва” qeyri-kommersiya təşkilatının yerli İcmaların İnkişafı İnstitutunun baş direktoru Sergey Kochnev deyib.

Nümayəndə vurğulayıb ki, doqquz il əvvəl Keniyanın Nayrobi şəhərində keçirilən Habitat forumunda iştirak etdikdən sonra o öz fəaliyyət istiqamətini tamamilə dəyişib:

“Biz özümüz də oturub düşünürük ki, Azərbaycan bu qədər miqyaslı tədbiri necə belə gözəl və peşəkar şəkildə təşkil edib. Üstəlik, məsələ yalnız forumun proqramı ilə məhdudlaşmır. Buraya dövlət başçıları, müxtəlif ölkələrin nümayəndələri, beynəlxalq təşkilatlar gəliblər. Bu isə göstərir ki, Azərbaycan beynəlxalq əməkdaşlıq və ümumi inkişaf baxımından mühüm və maraqlı mərkəzə çevrilir”.

Qonaq qeyd edib ki, şəhəri gəzə bilməsə də, Bakı artıq ona Birləşmiş Ərəb Əmirliklərini xatırladır:

“Təxminən yarım il əvvəl orada olmuşdum və burada oxşar təəssüratlar hiss olunur: böyük memarlıq layihələri, iri art-obyektlər, müasir tikililər və çox güclü inkişaf atmosferi. Bu, həqiqətən də bu gün dünya xəritəsində tanınan nöqtələrə çevrilmiş qlobal səviyyəli şəhərləri xatırladır. Ona görə də ümid edirəm ki, şəhərdə daha çox gəzməyə, Bakını daha yaxından görməyə və onu daha dərindən tanımağa vaxt tapacağam.”

Gülbəniz Hüseynli / Metbuat.az