“Biz sadəcə layihələri icra edən tərəf deyilik, eyni zamanda gələcəyin inkişaf istiqamətlərini müəyyənləşdiririk. Belə forumlar isə fərqli yanaşmaları və innovativ həlləri öyrənmək üçün çox yaxşı fürsətdir”.
Bu fikirləri Metbuat.az-a açıqlamasında İtaliyanın Potenza vilayətində Planlaşdırma və İnnovasiya üzrə icraçı direktor vəzifəsində çalışan Alessandro Attolico deyib.
Qonaq qeyd edib ki, dünyanın müxtəlif ölkərində keçirilən Şəhər Forumları ilə müqayisədə WUF13-də logistika və təşkilati məsələlər ən yaxşı səviyyədə təşkil olunub: “Gündəlik proqram da çox zəngin və əhatəlidir. Dünyanın müxtəlif yerlərindən təqdim olunan təcrübələri bir məkanda görmək və öyrənmək bizim üçün çox faydalıdır. Bakı ilə bağlı təəssüratlarım çox müsbətdir. Görürəm ki, təşkilatçılıq çox yüksək səviyyədə qurulub. Bu qədər böyük miqyaslı tədbiri təşkil etmək asan deyil, amma hazırda hər şey çox yaxşı işləyir”.
İtaliyalı nümayəndə vurğulayıb ki, dünyanın müxtəlif ölkələrindən insanların bir məkanda fikir mübadiləsi apardığı bu forum, bizə digər ölkələrin təcrübələrini öyrənmək, urbanizasiya və ərazi inkişafı sahəsində yeniliklərlə tanış olmaq imkanı yaradır.
“Hesab edirəm ki, biz strateji planlaşdırıcılar olaraq daim başqalarının təcrübəsindən öyrənməliyik”, - deyə o fikrini yekunlaşdırıb.
Gülbəniz Hüseynli / Metbuat.az