Enerji texnologiyalarında yeni mərhələ vəd edən “nüvə batareyası” ilə bağlı iddialar gündəmdədir.

Metbuat.az xəbər verir ki, Çinin Pekin şəhərində fəaliyyət göstərən "Betavolt New Energy Technology" şirkəti atom enerjisi ilə işləyən və 50 il fasiləsiz enerji təmin edə bilən miniatür batareya hazırladığını açıqlayıb. Bildirilib ki, texnologiya radioaktiv izotopların parçalanması zamanı yaranan enerjinin birbaşa elektrikə çevrilməsi prinsipinə əsaslanır.

Şirkətin məlumatına görə, nikel-63 izotopu və xüsusi almaz yarımkeçiricinin birləşməsi nəticəsində yaradılan bu batareya kiçik ölçüsünə baxmayaraq uzunmüddətli və stabil enerji mənbəyi kimi istifadə oluna bilər. Bu texnologiyanın mobil cihazlardan tutmuş süni intellekt sistemlərinə, tibbi implantlara və kosmik sənayeyə qədər geniş sahədə tətbiqi mümkün hesab edilir.

Qeyd olunur ki, bu istiqamətdə rəqabət də güclənir. ABŞ-nin "Infinity Power" şirkəti də oxşar texnologiyalar üzərində çalışır və daha uzunömürlü enerji həlləri təqdim etməyi hədəfləyir.