Artıq İran-ABŞ-İsrail qarşıdurması ikinci ayına keçir. Bəs bu mərhələdə ABŞ və İsrailin əsas hərbi məqsədləri nə dərəcədə reallaşıb? İranın raket və hava müdafiə qabiliyyəti nə qədər zəifləyib?
Politoloq Natiq Miri Metbuat.az-a açıqlamasında bildirib ki, qarşıdurma başlamamışdan öncə ABŞ prezidenti əsas səbəb kimi İranın nüvə silahına malik olmamasını göstərirdi. Belə bir potensial təhlükə var idi. Çünki İranın 60 dərəcəyədək zənginləşdirilmiş uran ehtiyatları mövcuddur və bu rəqəm təxminən 450 kiloqrama yaxındır. Mütəxəssislərin rəyinə görə, bu miqdar 11 nüvə bombasının istehsalı üçün yetərlidir. Bu da, təbii ki, ciddi potensial təhlükə yaradır:
“Bu qarşıdurma göstərdi ki, İranın mövcud rejimi təkcə ABŞ və İsrailə qarşı deyil, bütövlükdə regionu, o cümlədən qlobal iqtisadiyyatı böhran vəziyyətinə sala biləcək bütün mexanizmlərdən istifadə etməyə hazırdır. Hazırda həyata keçirilən siyasət də bunu təsdiqləyir. Körfəz ölkələrində yalnız ABŞ bazaları deyil, mülki infrastruktur, enerji sahələri, logistika, neft və qaz kəmərləri hədəfə alınır. Bu baxımdan yanaşdıqda, ABŞ-İsrail əməliyyatı hələlik əsas hədəfinə çatmayıb. Əsas məqsəd 60 faizə qədər zənginləşdirilmiş 450 kiloqram uranın ya tam məhv edilməsi, ya da ələ keçirilməsi idi. Lakin bu baş verməyib. Digər məqsəd nüvənin zənginləşdirilməsi prosesinin tam dayandırılması və bütün nüvə mərkəzlərinin sıradan çıxarılması idi. Bu mərkəzlər bombardman edilsə də, gələcəkdə istifadəyə yararlı olub-olmayacağı hələ məlum deyil. Bu isə nüvə məsələsində hədəflərə tam nail olunmadığını göstərir. Digər tərəfdən, raket ehtiyatları və anbarları ciddi şəkildə vurulub, miqdarı azaldılıb, lakin tam məhv edilməyib. Raketləri buraxan qurğuların da bir hissəsi sıradan çıxarılıb. Bu isə İranın hərbi imkanlarına ciddi zərbə vurulması deməkdir. Hərbi-sənaye kompleksinə də böyük zərbələr endirilib və onun əhəmiyyətli hissəsi məhv edilib. Proses davam edir və yaxın həftələrdə bu kompleksin tam sıradan çıxarılması istiqamətində addımların davam etdiriləcəyi gözlənilir. Bununla belə, bu sahədə də hələ tam nəticə əldə olunmayıb”.

N.Miri qeyd edib ki, digər mühüm məsələ İranın təzyiq aləti kimi istifadə etdiyi Hörmüz boğazıdır:
“Dünya neft və qaz daşımalarının 20-25 faizi bu boğazdan keçir. Onun bağlanması qlobal iqtisadi böhrana və neft qiymətlərinin kəskin artmasına səbəb olub. Hazırda boğaz üzərində nəzarət İranın əlindədir və bu, qlobal iqtisadiyyat üçün ciddi risk olaraq qalır. Ümumilikdə, İrana ciddi zərbələr endirilsə də, bütün hədəflərə çatılmayıb. Buna baxmayaraq, İranın hərbi və iqtisadi imkanları əhəmiyyətli dərəcədə zəiflədilib. Qarşıdurmanın gedişinə gəlincə, qlobal iqtisadi böhran, neft qiymətlərinin artması və ABŞ daxilində ictimai rəyin prosesin əleyhinə dəyişməsi Vaşinqtonu narahat edir. Bu vəziyyət ABŞ rəhbərliyinə ciddi təzyiq yaradır. Çünki hərbi əməliyyatların gözlənilən nəticəni verməməsi artıq dünya iqtisadiyyatına da mənfi təsir göstərir və buna görə məsuliyyət əsasən ABŞ-nin üzərinə yönəlir. Bu səbəbdən ABŞ rəhbərliyi müharibənin qısa müddətdə başa çatmasını istəyir. Lakin bunun mümkün olub-olmaması İranın qərarından asılıdır. Hazırda müəyyən vasitəçilər vasitəsilə ABŞ-İran arasında danışıqlar aparılır. Eyni zamanda sərt ritorika və təzyiqlər də davam edir. 15 maddəlik plan təqdim olunub və hətta bir aylıq atəşkəs ehtimalı müzakirə olunur”.
Politoloqun sözlərinə görə, əsas problem ondadır ki, real güc SEPAH-ın əlindədir. Müharibə, raket zərbələri və digər strateji qərarlar məhz bu qurum tərəfindən verilir. Bu isə o deməkdir ki, istənilən razılaşma istənilən anda pozula bilər:
“Bu səbəbdən danışıqların nəticəsi qeyri-müəyyən olaraq qalır. Əgər yaxın müddətdə real nəticə əldə olunmasa, eskalasiya daha da arta bilər və İranın enerji infrastrukturu tam hədəfə alına bilər. Xüsusilə Xark adasındakı əsas neft terminalının sıradan çıxarılması İran iqtisadiyyatına ağır zərbə vuracaq, çünki ölkənin neft ixracının böyük hissəsi məhz buradan həyata keçirilir. Eyni zamanda İran daxilində də fikir ayrılıqları mövcuddur. Formal institutlar olsa da, əsas qərarverici güc SEPAH olaraq qalır. Bu parçalanma vahid qərarın qəbulunu çətinləşdirir”.
Ekspertin fikrincə, qarşıdurmanın taleyi həm danışıqların gedişindən, həm də İran daxilindəki güc balansından asılıdır:
“ABŞ üçün isə seçim çətindir: ya müharibəni uzatmaq və bunun iqtisadi-siyasi nəticələrinə qatlanmaq, ya da geri addım ataraq qlobal nüfuza zərbə vurmaq. Yaxın günlərdə hansı istiqamətin seçiləcəyi məlum olacaq. Bu müddətdə isə İrana təzyiqlərin daha da artacağı gözlənilir. Çünki qərar yalnız ayrı-ayrı qurumlardan deyil, bütün güc mərkəzlərinin ortaq mövqeyindən asılıdır və əsas problem də məhz bundadır”.
Sevinc İbrahimzadə / Metbuat.az