Yaxın Şərqdə artan gərginlik fonunda Türkiyə və Rusiyanın İrana qarşı münaqişəyə cəlb olunması ehtimalı müzakirə olunur. Bəs bu ssenari nə dərəcədə realdır? Ümumiyyətlə, regiondakı mövcud vəziyyət fonunda hansı ölkələrin müharibəyə qoşulma ehtimalı var?

Politoloq Qədir Aslan Metbuat.az-a açıqlamasında bildirib ki, bu müharibənin arealının genişlənməsi məsələsi region dövlətlərindən asılı deyil, regiondan kənar ölkələrin qərarlarından asılıdır. Xüsusilə NATO hərbi birliyinin əsas avtoritetləri sayılan Amerika Birləşmiş Ştatları və digər böyük dövlətlərin qərarları burada həlledici rol oynayır:

“Müharibə başlamazdan əvvəl kəşfiyyat məlumatlarına görə regiondakı bütün paytaxtlara onların maraqlarına, yəni iqtisadi və ticarət maraqlarına toxunulmayacağı ilə bağlı mesajlar göndərilib. Eyni zamanda bu məsələyə qarışmamaları üçün müəyyən razılıqların əldə olunduğu bildirilir. İkinci məsələ isə ondan ibarətdir ki, adlarını qeyd olunan ölkələrin hər biri ayrı-ayrı hərbi blokların üzvüdür. Türkiyə NATO-nun üzvüdür, Rusiya isə öz hərbi bloku olan KTMT-yə rəhbərlik edir. Bu ölkələrin birbaşa münaqişəyə qoşulması müharibənin arealının sadəcə genişlənməsi deyil, artıq dünya müharibəsi riskinin yaranması demək olar. Heç bir ağıllı dövlət belə bir riskə getmək istəməz. Xüsusilə Rusiyanın hazırkı şəraitdə ikinci cəbhə açması onun maraqlarına uyğun deyil”.

Politoloq ərəb ölkələrindən və bölgədə fəaliyyət göstərən bəzi hərbi və paramilitar qrupların bu müharibəyə müəyyən formada cəlb olunması ehtimalını istisna etməyib:

“Pakistan nüvə silahına malik və müsəlman ölkəsidir. Zərurət yaranacağı halda Pakistan və həmçinin Əfqanıstan ərazisindən müəyyən hazırlıqlı qrupların münaqişə zonasına göndərilə biləcəyi ehtimal olunur. Çünki Donald Tramp Böyük Britaniyaya aviadaşıyıcılar göndərildiyi vaxt demişdi ki, əlavə köməyə ehtiyac yoxdur, artıq işi görmüşük. Yəni hətta öz müttəfiqlərinin də birbaşa müdaxiləsinə ehtiyac olmadığını vurğulayırdılar. Bu isə onu göstərir ki, maksimum çalışılır ki, müharibənin arealı genişlənməsin”.

Sevinc İbrahimzadə / Metbuat.az