“Bolt”un Bakı ofisinin rəhbəri Naim Əzizov və bir neçə səlahiyyətli şəxs vəzifəsindən azad edilib.

Şirkətdən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu qərar taksi əməliyyatlarına və digər biznes istiqamətlərinə təsir göstərmir.

“Platforma üzrə bütün tərəfdaşlardan, o cümlədən avtopark sahiblərindən, uyğunluq, dürüstlük və qanunvericiliyə əməl etmə standartlarımıza riayət etmələrini gözləyirik. Siyasətlərimizə və daxili nəzarət prosedurlarımıza tam əməkdaşlıq etməyi tələb edirik və bu standartlara əməl olunmadığı hallarda müvafiq tədbirlər görürük. Uyğunluq və şəffaflığa davamlı öhdəliyimizin bir hissəsi olaraq, fəaliyyət göstərdiyimiz bazarlarda əməliyyat və maliyyə proseslərini mütəmadi olaraq qiymətləndiririk. “Bolt” hər hansı qanunsuz və ya etik normalara zidd davranış iddialarına son dərəcə ciddi yanaşır. Daxili siyasətlərimizin, etik standartlarımızın və tətbiq olunan qanunların pozulmasına qarşı sıfır tolerantlıq prinsipini tətbiq edirik. Sürücüləri və avtopark tərəfdaşlarını rəsmi müraciət vasitələrimizdən istifadə edərək hər hansı narahatlıq və ya şübhəli halları bildirməyə çağırırıq ki, bu məsələlər lazımi qaydada araşdırılsın”, - deyə açıqlamada qeyd olunub.

Həmçinin şirkətdən bildirilib ki, yeni rəhbərliklə bağlı ictimaiyyətə məlumat açıqlanacaq.

Sevinc İbrahimzadə / Metbuat.az