Hər gün dövlət informasiya sistemlərinə qarşı DDoS hücumları qeydə alınır və mərkəzləşdirilmiş müdafiə mexanizmləri ilə zərərsizləşdirilir. Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) İdarə rəisi Nadir Novruzov bildirib. Bəs dövlət qurumlarına qarşı DDos hücumlarının artmasına səbəb nədir?
İKT üzrə mütəxəssis Fərhad Mirəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, DDoS hücumları dövlət informasiya sistemlərinə yönələn kiberhücum növüdür və bu hücumlar həm ölkə daxilindən, həm də xaricdən həyata keçirilə bilər.
Onun sözlərinə görə, burada məqsəd hansısa məlumatın oğurlanması və ya sistemin sındırılması deyil. Əsas hədəf konkret xidmətlərin əlçatanlığını pozmaq, yəni onları bloklamaq, dayandırmaq və ya işləməz vəziyyətə salmaqdır:
“Bu tip hücumların məqsədlərinə baxdıqda ilk növbədə siyasi təzyiq vasitəsi və etiraz forması kimi istifadə edildiyini görürük. Hücumlar dost olmayan ölkələr tərəfindən birbaşa və ya proksi şəbəkələr vasitəsilə həyata keçirilə bilər. Eyni zamanda daxili mənbələrdən də baş verə bilər və bu zaman məqsəd dövlət qurumlarının fəaliyyətini pozmaq, ölkədə aparılan siyasətə və ya qəbul edilən qanunlara etiraz mesajı vermək, həmçinin ictimaiyyətin və medianın diqqətini cəlb etmək olur”.

Ekspert bu hücumların hibrid müharibənin elementlərindən biri kimi də qiymətləndirildiyini qeyd edib:
“Yəni yalnız fiziki və hərbi sahədə deyil, rəqəmsal müstəvidə də dövlətlər arasında qarşıdurma baş verə bilir. Digər məqsəd isə əhalinin dövlətə olan etimadını sarsıtmaqdır. Bu gün rəqəmsal xidmətlər geniş yayıldığından vergilərin ödənilməsi, müxtəlif dövlət xidmətlərinin alınması kimi proseslər elektron sistemlər üzərindən həyata keçirilir. Həmin xidmətlərin dayanması vətəndaşlarda dövlətin rəqəmsal təhlükəsizliyinin zəif olduğu təəssüratı yarada bilər”.
F.Mirəliyev həmçinin əlavə edib ki, DDoS hücumları bəzən diqqəti yayındırmaq üçün də istifadə olunur:
“Belə hallarda hücum edən qruplar paralel olaraq başqa kritik sistemlərə müdaxilə etməyə çalışır, lakin diqqəti DDoS hücumu üzərinə yönəldirlər. Bununla yanaşı, bu hücumlar iqtisadi zərərlərə də səbəb olur. Uzunmüddətli hücumlar zamanı dövlət əlavə texniki və insan resursları cəlb etməyə məcbur qalır ki, bu da əlavə xərclər deməkdir. Nəhayət, belə hücumlar kritik infrastrukturun fəaliyyətində fasilələr yarada bilər. Məsələn, energetika və nəqliyyat sistemləri kimi həyati əhəmiyyətli sahələr rəqəmsal idarəetmədən asılıdır. Bu sistemlərdə yaranan nasazlıqlar isə ümumi fəaliyyətə, o cümlədən nəqliyyatın təşkilinə və digər vacib xidmətlərə mənfi təsir göstərə bilər”.
Sevinc İbrahimzadə / Metbuat.az