"İdrak" liseyində baş vermiş insidentlə bağlı media mənsublarının bu təhsil ocağının şagirdindən açıqlama alma və yayma üsulları qətiyyən yolverilməzdir.

Metbuat.az xəbər verir ki, bu fikirlər Mətbuat Şurasının media mənsublarına ünvanladığı çağırışda yer alıb.

Qeyd edilib ki, bu, "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"na tamamilə ziddir. Belə ki, qaydaların "Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı" adlı 3-cü prinsipinin 3.9-cu bəndində bildirilir ki, "jurnalist uşaqların məsumluğu və inamından sui-istifadə etməməli, hüquqlarına hörmətlə yanaşmalı, onların fikirlərinin çatdırılması ilə bağlı xüsusi məsuliyyət nümayiş etdirməli, valideyinlərinin və ya qanuni himayəçilərinin icazəsi olmadan uşaqlardan müsahibə götürməməyə səy göstərməlidir".

Çağırışda xatırladılıb ki, sözügedən bənddə həmçinin daha vacib ictimai əhəmiyyət kəsb edən maraqların mövcud olduğu hallar istisna olmaqla, jurnalistin uşaqların şəxsi həyatı barədə məlumatları və ya fotoşəkilləri dərc etməməli olduğu göstərilib:

"Jurnalist faciə və ya cinayət əməli nəticəsində zərər çəkmiş, yaxud belə hadisələrə cəlb edilmiş uşaqların kimliyini mütləq qorumalıdır. Təəssüf ki, "İdrak" liseyindəki insidentlə bağlı üzərində dayandığımız təqdimatda buna riayət edilmədi".