Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı Nizami Şirinov və rütbədən məhrum edilmiş Mövlam Şixəliyevlə eyni cinayət işi üzrə məhkum edilmiş polkovnik Elcan Abdullayev vaxtından əvvəl azadlığa çıxıb.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə polkovnikin cəzasının qalan 1 ili şərti hesab edilib.

Məhkum saxlanıldığı cəzaçəkmə müəssisəsindən buraxılıb.

Qeyd edək ki, Elcan Abdullayev MTN-də idarə rəisi vəzifəsində çalışıb. O, vəzifə səlahiyyətlərini aşmaqla hədə-qorxu yolu ilə tələb etməkdə və digər ağır cinayətlərdə təqsirli bilinərək məhkum edilmişdi.

Xatırladaq ki, eyni iş üzrə məhkum edilmiş general Nizami Şirinov 2 həftə əvvəl azadlığa buraxılıb, Mövlam Şixəliyev isə hazırda həbsdədir.