Türkiyə nəhəngi Vlahoviçlə razılığa gəldi
“Beşiktaş” Duşan Vlahoviçin transferini yekunlaşdırmağa yaxındır.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi 26 yaşlı forvardla müqavilə şərtləri üzrə razılığa gəlib. “Corriere dello Sport”un yazdığına əsasən, Vlahoviçin “Beşiktaş”la 3 illik müqavilə imzalaması gözlənilir. Transferdə “Beşiktaş”ın baş məşqçisi Vinçenzo İtalianonun da mühüm rol oynadığı bildirilir. İtaliano “Fiorentina”da çalışdığı dövrdə Vlahoviçlə birlikdə işləyib və yay boyunca keçmiş yetirməsi ilə əlaqə saxlayaraq onu İstanbul klubuna keçməyə razı salmağa çalışıb.
Qeyd edək ki, Duşan Vlahoviç “Yuventus”a transfer olunmazdan əvvəl “Fiorentina”da məhz İtalianonun rəhbərliyi altında çıxış edərək özünü İtaliya futbolunda tanıdıb. Serbiyalı hücumçunun “Yuventus”la müqaviləsi başa çatdıqdan sonra tərəflər yeni sözləşmə barədə razılığa gələ bilməyib. Bundan sonra azad agent statusu alan Vlahoviç karyerasını davam etdirəcəyi klubla bağlı digər variantları nəzərdən keçirib.