İdman

Toral oynadı, "Bursaspor" qalib gəldi

Metbuat.az

Azərbaycan millisinin üzvü Toral Bayramov yeni komandası “Bursaspor”un heyətində ilk rəsmi oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, Türkiyə I Liqasında yeni mövsümün ilk turunda “Bursaspor” səfərdə “Bodrumspor”la qarşılaşıb. Görüş Bursa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matça ehtiyat oyunçular skamyasında başlayan Toral Bayramov ikinci hissənin əvvəlində, 46-cı dəqiqədə meydana daxil olub. Azərbaycanlı futbolçu komandasının qələbəsində pay sahibi olaraq ilk rəsmi matçını uğurla başa vurub.

Qeyd edək ki, Toral Bayramov bu yay transfer dönəmində “Qarabağ”dan “Bursaspor”a keçib. 25 yaşlı müdafiəçi uzun illər Ağdam təmsilçisinin və Azərbaycan millisinin formasını geyinib.