Qocalmamaq üçün ildə 2 milyon dollar xərcləyir
Qocalma prosesini ləngitmək və bioloji yaşını mümkün qədər gənc saxlamaq üçün hər il milyonlarla dollar xərcləyən amerikalı texnologiya sahibkarı Brayan Conson (Bryan Johnson) gözlənilməz sağlamlıq problemi ilə gündəmə gəlib. Bədənini yüzlərlə tibbi test vasitəsilə nəzarətdə saxlayan və uzunömürlülük məqsədilə ildə təxminən 2 milyon dollar xərcləyən 47 yaşlı milyarder, müalicəsi olmayan otoimmun qastrit diaqnozu aldığını açıqlayıb.
Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, "BrainTree" şirkətinin təsisçisi olan Brayan Conson 2013-cü ildə şirkətini "PayPal"a satdıqdan sonra sərvətinin böyük hissəsini yaşlanmanı ləngitmək üzrə araşdırmalara yönəldib. O, "Blueprint" proqramı çərçivəsində həkim və alimlərdən ibarət geniş komanda ilə çalışır. Sahibkar hər gün ciddi pəhrizə riayət edir, çoxsaylı vitamin və qida əlavələri qəbul edir, eyni zamanda orqanizmini mütəmadi tibbi müayinələrdən keçirir. Buna baxmayaraq, onun immun sisteminin mədə hüceyrələrinə hücum etdiyi müəyyən edilib.
Brayan Conson sosial media hesabında səhhəti ilə bağlı son vəziyyəti bölüşərək yaşadığı prosesi "Mədəm öz-özünü yeyir" sözləri ilə təsvir edib. O bildirib ki, xəstəlik uzun müddət heç bir əlamət vermədən inkişaf edib və yalnız ətraflı müayinələrdən sonra aşkar olunub. Conson tətbiq etdiyi ciddi sağlamlıq proqramına baxmayaraq belə bir problemlə üzləşməsinin onun üçün gözlənilməz olduğunu da vurğulayıb.
Mütəxəssislərin sözlərinə görə, otoimmun qastrit immun sisteminin səhvən mədənin daxili qişasındakı sağlam hüceyrələrə hücum etməsi nəticəsində yaranır. Bu xəstəlik mədə turşusu istehsal edən hüceyrələrin zədələnməsinə, B12 vitamini çatışmazlığına, anemiyaya və digər ciddi fəsadlara səbəb ola bilər.
Tam müalicəsi olmasa da, Brayan Conson mübarizədən geri çəkilməyəcəyini bildirib. O qeyd edib ki, komandası ilə birlikdə hüceyrə terapiyaları və immun sisteminə yönəlmiş yeni müalicə yanaşmaları üzərində işləməyə davam edəcək, əldə etdiyi bioloji məlumatları isə ictimaiyyətlə paylaşmağı davam etdirəcək.