“Qalatasaray” axtardığı futbolçunu Fransada tapdı
Transfer hazırlıqlarını davam etdirən İstanbulun “Qalatasaray” klubu heyətini gücləndirmək istiqamətində növbəti addımını atmağa hazırlaşır. Türkiyə təmsilçisi bu dəfə Fransa Liqa 1-də çıxış edən “Nitsa”nın qanalı yarımmüdafiəçisi Salis Abdul Samedi transfer siyahısına daxil edib.
Metbuat.az xəbər verir ki, Afrikanın “Footy-Africa” nəşrinin yaydığı məlumata görə, “Nitsa” rəhbərliyi 26 yaşlı dayaq yarımmüdafiəçisinin komandadan ayrılmasına razılıq verib və futbolçuya özünə yeni klub tapmaq üçün icazə verilib. Bu fonda “Qalatasaray”ın da oyunçu ilə yaxından maraqlandığı bildirilir.
Məlumatda qeyd olunur ki, hələlik “Qalatasaray” tərəfindən “Nitsa”ya rəsmi təklif göndərilməyib. Lakin transfer şərtləri tərəfləri qane edərsə, sarı-qırmızılıların yaxın günlərdə rəsmi addım atacağı gözlənilir.
Salis Abdul Samedin “Nitsa” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər qüvvədədir. Transfer bazarında dəyəri təxminən 4 milyon avro qiymətləndirilən qanalı futbolçu ötən mövsüm Fransa klubunun heyətində 19 rəsmi oyunda forma geyinsə də, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.