Messiyə qarşı iki sui-qəsd planı üzə çıxdı
ABŞ Federal Təhqiqat Bürosu (FBI) və Beynəlxalq Polis Əməkdaşlığı Mərkəzinin (IPCC) Dünya Çempionatı ilə bağlı hazırladığı təhlükəsizlik hesabatında futbol dünyasını narahat edən faktlar açıqlanıb.
Metbuat.az xəbər verir ki, hesabata görə, 2026-cı il Dünya Çempionatı zamanı Argentina millisinin kapitanı Lionel Messi ən çox təhdid alan futbolçu olub. Sənədlərdə argentinalı ulduza qarşı iki ciddi sui-qəsd planının müəyyən edildiyi bildirilir.
Ən ciddi insidentlərdən biri Argentina ilə İordaniya arasında keçirilən qrup mərhələsinin oyunu ərəfəsində baş verib. Naməlum şəxs Dallas hava limanına zəng edərək özü ilə yanaşı daha iki nəfərlə stadiona basqın edəcəklərini bildirib. Şəxs onların üzərində kustar üsulla hazırlanmış bombalar və AR-15 tipli yarıavtomatik tüfənglərin olduğunu iddia edib. Məlumatın ardından təhlükəsizlik qüvvələri stadion ərazisində geniş yoxlama aparıb.
Messiyə qarşı digər ciddi təhdid isə Argentinanın Misirlə qarşılaşmasından əvvəl sosial şəbəkədə yayılıb. Naməlum istifadəçi Atlanta stadionuna gedəcəyini və üzərinə bağladığı dörd bomba ilə Messini partladacağını yazıb. Təhdid təhlükəsizlik qüvvələrinin hərəkətə keçməsinə səbəb olub və stadionda əlavə yoxlamalar aparılıb.
Həmin qarşılaşma zamanı polisə daha bir məlumat daxil olub. Zəng edən şəxs tribunalarındakı zibil qutularına üç bomba yerləşdirildiyini iddia edib. Bununla əlaqədar stadionda əlavə axtarış keçirilib.
Hesabatda təhlükəsizlik risklərinin yalnız Messi ilə məhdudlaşmadığı da qeyd olunur. Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo da turnir zamanı təhlükəli vəziyyətlərlə üzləşib. Təhlükəsizlik qurumlarına Ronaldonun qalacağı yer barədə məlumat toplamağa çalışan şübhəli şəxslə bağlı məlumat daxil olub.
Sənədlərdə hakimlərin də ciddi təzyiqlərlə üzləşdiyi vurğulanır. Xüsusilə Argentina-Misir oyunundan sonra fransalı hakim Fransua Leteksye qarşı minlərlə nifrət və təhdid mesajının göndərildiyi qeyd olunur. Təhdidlərin bir hissəsinin ölüm hədəsi xarakteri daşıdığı və nəticədə hakimin və ailəsinin təhlükəsizliyi üçün əlavə tədbirlər görüldüyü bildirilir.
FBI Dünya Çempionatının təhlükəsizliyinin təmin olunması üçün minlərlə əməkdaşın cəlb edildiyini, müxtəlif ölkələrin hüquq-mühafizə orqanları arasında məlumat mübadiləsinin aparıldığını açıqlayıb.