Maraqlı

Çörək niyə tez kiflənir?

Metbuat.az

Çörəyin gözləniləndən daha tez kiflənməsi gündəlik həyatda tez-tez rast gəlinən problemlərdəndir. Mütəxəssislərin fikrincə, bunun əsas səbəblərindən biri çörəyin düzgün şəraitdə saxlanılmamasıdır. Xüsusilə isti və rütubətli mühit, eləcə də çörəyin tam soyumadan plastik torbaya qoyulması kiflənmə prosesini sürətləndirə bilər.

Metbuat.az bildirir ki, təzə bişmiş və ya alınmış çörəyin tam soyumadan torbaya yerləşdirilməsi içəridə kondensasiya yaranmasına, başqa sözlə, çörəyin “tərləməsinə” səbəb olur. Nəticədə torbanın daxilində rütubət artır və kif göbələklərinin inkişafı üçün əlverişli şərait yaranır.

Çörəyin təravətini daha uzun müddət qorumaq və israfın qarşısını almaq üçün bir sıra sadə qaydalara əməl etmək mümkündür. Çörəyi quru, sərin və günəş şüalarından uzaq yerdə saxlamaq tövsiyə olunur. Bunun üçün çörək qutusundan istifadə etmək və ya çörəyi kağız torbada saxlamaq mümkündür.

Gündəlik istehlakdan artıq qalan çörəyi dilimləyərək dondurucuda saxlamaq da məqsədəuyğun variantlardan biridir. Ehtiyac olduqda lazımi miqdarda çörəyi dondurucudan çıxarıb əridərək istifadə etmək olar.

Mütəxəssislər kiflənmiş çörəyin istehlakı ilə bağlı da xəbərdarlıq edirlər. Çörəyin yalnız bir hissəsində kif görünsə belə, həmin hissəni kəsib qalanını yemək olmaz. Çünki kifin gözlə görünməyən hissələri çörəyin daxilinə yayıla bilər.

Bu səbəbdən üzərində kif əlamətləri olan çörəyin bütövlükdə atılması tövsiyə olunur. Kiflənmiş qidanın istehlakı bəzi hallarda allergik reaksiyalara və digər sağlamlıq problemlərinə səbəb ola bilər.